Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyət başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2015-ci ilin yekunlarına həsr olunmu hesabat yığıncağı

14 yanvar 2016 | 11:00

Respublikanın bütün şəhər və rayonlarında olduğu kimi Yasamal Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 2015-ci ildə görülən işlərə həsr olunmuş illik hesabat yığıncağı Yasamal rayon 53 saylı tam orta məktəbin iclas zalında keçirilmişdir.

Hesabat yığıncağını Yasamal Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Mehman Muxtarov açmış, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 yanvar 2016-ci il tarixdə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışından irəli gələn vəzifələrə toxunmuş, ölkə başçısının apardığı uğurlu siyasətdən danışmışdır. İcra nümayəndəsi M.Muxtarov ötən ildə görülən işlər barədə hesabat məruzəsi ilə çıxış etmişdir.

Ölkəmizdə sürətlə gedən geniş abadlıq-quruculuq işləri, iqtisadi-sosial inkişaf tempi Yasamal rayonunda da hesabat ili ərzində uğurla davam etmişdir. Uğurlu inkişafla bərabər olaraq ölkə başçısı tərəfindən bütün sahələrlə yanaşı, yerli idarəetmə sahəsində də uğurlu islahatlar aparılmışdır. İlk olaraq yarandığı dövrdən 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlikdə kargüzarlığın “Azərbaycan Respublikasında rayonların, şəhərlərin, İcra Hakimiyyəti başçılarının Aparatında sənədlərlə iş barədə” təlimata uyğun olaraq təşkil olunması və RİH başçısının nümayəndəliyində vətəndaşların qəbulunun təşkili işləri, onların yazılı və şifahi müraciətlərinə baxılması işinin təşkili cari ildə də davam etdirilmişdir.

Təsərrüfatbaşına uçot kitabındakı məlumatlar ev təsərrüfatlarına baş çəkmək yolu ilə bir daha üzləşdirilmiş və təftiş olunmuşdur. Qeydiyyatı Bakı şəhəri Yasamal rayonu 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsində olan, xaricdə, respublikanın müxtəlif yerlərində yaşayan, hərbi xidmətdə olanların, dünyasını dəyişənlərin siyahısını müvafiq dövlət qurumlarından alaraq əhalinin sayında dəqiqləşmə aparılmışdır. Həqiqi hərbi xidmətə çağırılmış və müddətli həqiqi hərbi xidmətdən tərxis olunmuş şəxslərə dair məlumatlara əsasən ev təsərrüfatlarının uçotu kitablarında müvafiq qeydlər aparılması işi mütəmadi olaraq davam etdirilir.

Daha sonra qeyd olundu ki, Nümayəndəliyin ərazisində yerləşən Mənzil Tikinti Kooperativlərinin binalarında yaşayan sakinlərin qeydiyyatının dəqiqləşdirilməsi işi mütəmadi aparılmışdır. 1 yanvar 2016-ci il tarixə ərazimizdə yaşayan 20.247 ailə təsərrüfatının və 64.579 nəfər təsərrüfat üzvlərinin uçotu 192 ədəd ev təsərrüfatı kitablarında qeydə alınmışdır. 16 saylı Yasamal 2-ci Seçki dairəsi ilə birgə ərazidə seçici siyahıları tərəfimizdən dəqiqləşdirilmişdir. 2015-ci il ərzində Yerli İcra Hakimiyyəti haqqında təsdiq edilmiş əsasnaməyə əsasən, Nümayəndəliyin ərazisində fəaliyyət göstərən dövlət qurumları, habelə bələdiyyələrlə, qeyri-hökumət təşkilatları və digər təşkilatlarla qarşılıqlı fəaliyyət göstərmişdir.

Yasamal Rayon İcra Hakimiyyəti başçısının 272 nömrəli 12.07.2013-cü il tarixli Yasamal rayon ərazisində Azərbaycan Respublikasında Dövlət Dili haqqında qanunun icrasının təmin olunmasına nəzarət bu il də tərəfimizdən davam etdirilmişdir. Belə ki, 2015-ci il ərzində, Bakı şəhəri üzrə Reklam İdarəsinin işçiləri ilə birgə ərazimizdə reydlər keçirilmiş, sənədsiz, qeydiyyatdan keçməyən, mövcud qaydalara uyğun olmayan müxtəlif əcnəbi adlarda fəaliyyət göstərən, küçələrimizin görünüşünü korlayan reklamlar xidmət obyektlərindən yığışdırılmışdır.

Yasamal Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi 2016-cı il üçün iş planını tərtib edərək Yasamal Rayon İcra Hakimiyyətinə təqdim etmişdir. Biz fəaliyyətimizi buna uyğun olaraq davam etdirəcəyik.

Yığıncaqda Yasamal rayonu 53 saylı məktəbin direktoru Firəngiz Həsənova, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyin Yasamal rayon şöbəsinin sədri Bəhram Şeydayev, Yasamal rayon İcra Hakimiyyəti Başçısının müavini Xaliq Möhbalıyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən Yasamal rayonuna göstərdiyi diqqət və qayğıdan, gələcəkdə rayon sakinlərinin həyat şəraitinin yaxşılaşdırilması üçün həyata keçirilməsi nəzərdə tutulan işlərdən danışmışlar. Sonda Nümayəndəliyin hesabat yığıncağının qərar layihəsi oxunmuşdur və iclas iştirakçıları Nümayəndəliyin 2015- ci il üçün illik hesabatını qənaətbəxş hesab etmişlər.

Keçidlər