Şriftin ölçüsü :

Saytın rəngi :

“Şah Təhmasib Səfəvi” mövzusunda konfrans keçirildi.

12 yanvar 2016 | 11:00

Yasamal Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu və Yasamal rayonundakı E.Məmmədov adına 21 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində “Şah Təhmasib Səfəvi” mövzusunda konfrans keçirildi.
21 nömrəli tam orta məktəbdə keçirilən konfransda qonaqlar öncə foyedə təşkil olunan tarixi şəxsiyyətlərimiz və Səfəvilər mövzusunda kitab və rəsm sərgisinə, tarixi eksponatlara və foto-stendlərə baxış keçirdilər. Konfransda lahiyənin rəhbəri, Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov geniş çıxışında dövlətçilik tariximizdən, tarixi şəxsiyyətlərimizdən, tarixdə mövcud olmuş imperiyalarımızdan söz açmışdır. O, bildirdi ki, Azərbaycanın 5 min illik dövlətçilik tarixi var: “Azərbaycan xalqının tarixi şəxsiyyətləri və imperiyaları olmadan dünya tarixini təsəvvür etsək, tarix çox kasıb görünər. Xalqımız orta əsrlərin böyük dövlətlərini – Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar imperiyalarını yaratmışdır”. Tarixçi-alim Y.Mahmudov Səfəvi hökmdarı Şah Təhmasib (1524-1576) haqqında konfrans iştirakçılarına ətraflı məlumat verdi.
Tədbirdə çıxış edən Yasamal rayon İcra Hakimiyyəti Başçısının müavini pedaqogika üzrə fəlsəfə doktoru Təravət Muradova şagirdlərin tarixi keçmişimizlə bağlı dünyagörüşünün genişlənməsi üçün bu cür tədbirlərin keçirilməsinin zəruriliyindən danışdı, ölkə prezidenti cənab İlham Əliyevin milli-mənəvi dəyərlərin qorunması ilə bağlı tövsiyələrini bir daha xatırlatmaqla gənc nəslin üzərinə böyük vəzifələr düşdüyünü bildirdi.
Şah Təhmasib Səfəviyə həsr olunmuş konfransda daha sonra lahiyənin təşkilat komitəsinin sədri Araz Şamil, tarixçi-alimlər Tofiq Nəcəfli, Zabil Bayramlı, Dilavər Əzimli, Bakı şəhər Təhsil İdarəsinin nümayəndəsi Firudin Abbasov, 21 nömrəli tam orta məktəbin direktoru Ceyhun Bayramlı və başqaları çıxış etdilər.
Atatürk liseyi, 313 saylı məktəb, 272 saylı məktəbin şagirdlərinin də iştirak etdiyi tədbirdə Azərbaycan tarixi fənni üzrə biliklərini qiymətləndirmək məqsədilə viktorina keçirilmiş, suallara doğru cavab verən, eləcə də, məktəbdə sözügedən tədbir çərçivəsində “Səfəvilər” mövzusunda təşkil olunmuş rəsm və inşa müsabiqəsində fərqlənən şagirdlər mükafatlandırıldılar.

Keçidlər