Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycanım” Beynəlxalq Jurnalının redaksiya şurası Rayon İcra Hakimiyyətinin Başçısı İbrahim Mehdiyevi təltif etdi.

11 dekabr 2015 | 11:00

Miniatür Kitab Muzeyində Xalq Yazıçısı Elçinin “Mən gedirəm, ağlama... Rəşid Behbudovun sənəti və şəxsiyyəti” miniatür kitabının təqdimatı və “Azərbaycanın qüruru” ordeni ilə mükafatlandırma mərasimi keçirildi.

Tədbirdə Miniatür Kitab Muzeyinin yaradıcısı və təsisçisi, Əməkdar Mədəniy- yət İşçisi Zərifə Salahova rəhbərlik etdiyi muzeyin uğurlarından və təqdim olunan kitabın məziyyətlərindən söz açdı. Bildirdi ki, miniatür kitab Azərbaycanın estrada və opera müğənnisi, SSRİ Xalq Artisti Rəşid Behbudova həsr olunub. Prezident İlham Əliyevin dünya şöhrətli müğənni Rəşid Behbudovun 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı imzaladığı müvafiq Sərəncama uyğun olaraq ölkəmizin bütün bölgələrində silsilə tədbirlərin keçirildiyi bu günlərdə belə bir kitabın işıq üzü görməsi olduqca təqdirəlayiq haldır.

Kitabda Elçinin dünya şöhrətli ifaçı Rəşid Behbudov haqqında xatirələri, onunla söhbətləri, eləcə də ifaçının bənzərsiz sənət dünyası ilə bağlı düşüncələri, fikirləri yer alıb.

Diqqətə çatdırıldı ki, kitab Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Miniatür Kitab Muzeyi tərəfindən “İndiqo” mətbəəsində nəfis şəkildə yüz nüsxə tirajla çap olunub. Xüsusi zövqlə hazırlanmış kitabın forzasında Azərbaycanın xəritəsi əks olunub.

Təqdimat mərasimində Xalq Yazıçısı Elçin bildirdi ki, Prezident İlham Əliyevinin imzaladığı müvafiq Sərəncam əslində bütün Azərbaycan xalqının Rəşid Behbudov şəxsiyyətinə və sənətinə sonsuz hörmətinin, sevgisinin, məhəbbətinin ifadəsidir. Xalq yazıçısı vurğuladı ki, muzeydəki kitabların doğurduğu əhval-ruhiyyə, onların zərifliyi, buradakı səliqə-sahman, gözəllik Rəşid Behbudov sənəti və şəxsiyyəti ilə üst-üstə düşür.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyd etdi ki, Rəşid Behbudovun 100 illiyinə həsr edilmiş möhtəşəm tədbirin 2016-ci ilin ilk yarısında keçirilməsi planlaşdırılır. Həmin ərəfədə görkəmli sənətkarın heykəli də hazır olacaq.Miniatür Kitab Muzeyinin reallaşdırdığı layihələri yüksək qiymətləndirən nazir deyib ki, İçərişəhərə gələn bütün qonaqlar bu muzeyi ziyarət edir.

Təqdimat mərasimində “Azərbaycanım” Beynəlxalq Jurnalının redaksiya şurasının sədri Zərifə Salahova və nəşrin baş redaktoru Emil Nəsirli tərəfindən Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı İbrahim Mehdiyev Yasamal rayonunun iqtisadi,elmi-texniki,sosial-mədəni inkişafında və abadlıq-quruculuq işlərinin təşkilində xüsusi xidmətlərinə görə “Azərbaycanın qüruru” ordeni ilə təltif edildi. Mükafat jurnalin redaksiya şurasının qərarı ilə təsis edilib.

Sonda muzeyin arxivi üçün xatirə şəkilləri çəkdirildi.

Keçidlər