Şriftin ölçüsü :

Saytın rəngi :

“Qarabağ tarixi” muzeyinin açılışı

13 noyabr 2015 | 11:00

İlk dəfə olaraq Yasamal rayonu Milli Qəhrəman M.İbrahimov adına 153 saylı tam orta məktəbdə “Qarabağ tarixi” muzeyinin açılışı oldu.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və tədbiri giriş sözü ilə məktəbin direktoru Təranə Paşayeva açıq elan etdi.

Məktəbin tarix müəllimi “Qarabağ tarixi” muzeyinin tərtibatçısı və təşəbbüskarı Sevil Nağıyeva çıxış etdi. O, bildirdi ki, qədim Azərbaycan torpağı olan Qarabağ tarixə keşməkeşli taleyi ilə yazılıb. Bu torpaqlar zəngin mədəni irsi ilə seçilir. Tarixi abidələri, memarlıq və sənətkarlıq nümunələri xalqımızın ən dəyərli sərvətidir. Ona görə də, mədəniyyət beşiyi olan Qarabağın tarixini əks etdirən, kiçik də olsa, muzeyin yaradılması haqqında təşəbbüs irəli sürür. Məktəbin direktoru da bu təşəbbüsə qatılaraq ona şərait yaradır. Muzeydə Qarabağ regionu türk etnoslarının antik dövrdə yaşayış məskəni olduğu, Qarabağ regionunun maddi-mədəniyyət abidələri, IV-VII əsrlərdə Qarabağ Sasani və Ərəb xilafəti dövrü, XV əsr Qarabağ Atabəylər, Teymuri, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tərkibində olduğu, Qarabağ, Azərbaycan Səfəvi dövlətlərinin tərkibində, Qarabağ Xanlığının yaranması, XVII – XVIII əsrlərdə Müstəqil feodal dövləti, XVIII-XIX əsrlərdə Qarabağ xanlığının Rusiya imperiyası tərəfindən işğalı, 1918-1920-ci illərdə Qarabağ xalq cümhuriyyəti dövrü, Azərbaycan SSR-in tərkibində DQMV – nin yaradılması, 1988-1993-cü illərdə Ermənistanın Azərbaycana hərbi təcavüzünün nəticələri maketlərdə əks etdirilmişdir.

Tədbirdə AMEA – nın akademiki Vəli Əliyev, Yasamal rayon Icra Hakimiyyəti Başçısının müavini Təravət Muradova, Bakı şəhəri Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Bakı şəhəri Təhsil idarəsinin metod mərkəzin müdiri Vahid Qurbanov, Azərbaycan Milli Akademiyasının İnsan Hüquqları İnstitunun elmi işçisi Qafqaz tarixi mərkəzinin direktoru Rizvan Hüseynov çıxış etdilər.

“Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev və ordu quruculuğu. Hərbi yürüş” video – çarxı, “Qarabağ mədəni irsinin qorunması” – Heydər Əliyev fondunun fəaliyyəti, Şuşa təbiətinin möcüzəsi “Xarı Bülbül”, “Qarabağ atının Londonda möhtəşəm milli rəqsi” və digər maraqlı videoçarxlar nümayiş olundu. Şagirdlərin ifasında kompozisiyalar və “Vaqif” pyesindən səhnələşdirilmiş parçalar tədbir iştirakçılarının marağına səbəb oldu.

Keçidlər