Şriftin ölçüsü :

Saytın rəngi :

Şair-dramaturq Hüseyn Cavidin xatirəsi yad edildi

26 oktyabr 2015 | 11:00

Mütəfəkkir şair-dramaturq Hüseyn Cavidin anadan olmasının 133-cü, əbədiyyətə qovuşmasının 77-ci ildönümü münasibətilə Yasamal rayonunda Hüseyn Cavid adına parkda, onun abidəsi önündə anma mərasimi keçirilib. Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə cavidşünaslar, elm, ədəbiyyat, incəsənət və mədəniyyət xadimləri, musiqişünaslar, bədii qiraət ustaları, rayon ictimaiyyəti, məktəblilər və tələbələr iştirak etdilər.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev dramaturqun həyat və yaradıcılığı, zəngin ədəbi irsi haqda ətraflı məlumat verdi. Bildirdi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “Unudulmaz dramaturq Şərqin Şekspiri adlandırılmasına baxmayaraq, Cavid Şekspirdən də yüksək səviyyəyə qalxmışdır”. Onun yaratdığı obrazlar bənzərsizliyi və təkrarolunmazlığı ilə ədəbiyyatımızda əbədiyaşarlıq qazanıb. Bu obrazların həyatda apardıqları mübarizə dünya haqqında mükəmməl, insanlıq haqqında kamil təsəvvür yaradır. Hüseyn Cavid həqiqət, azadlıq carçısı idi. Onun söykəndiyi həqiqətin bircə mənası vardı:xalqını, millətini azad, vətənini isə sivil dövlətlərin sırasında görmək.

Cavid irsinin araşdırıcıları Cavidin həmişəyaşar və əbədiliyini, onun təkcə Azərbaycanın deyil bütün türk xalqlarının, türk millətinin böyük sənətkarı olduğunu qeyd etdilər.

Akademik Teymur Kərimli Hüseyn Cavidin dərin fəlsəfi-estetik məzmuna malik yaradıcılığı ilə ədəbiyyatımızda yeni bir mərhələnin başlanğıcını qoymasından söz açdı.

Hüseyn Cavidin ev-muzeyinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babaxanlı bildirdi ki, Hüseyn Cavidin yaradıcılığı, onun zəngin irsi təkcə ölkəmizdə deyil, beynəlxalq səviyyədə tədqiq və təbliğ olunur.

YAP Yasamal Rayon təşkilatının sədri Tağı Əhmədov, H. Cavidin nəşini Azərbaycana gətirən şəxslərdən biri olan Həmid Cəfərov və başqaları çıxış edərək böyük şairin nəsillərə örnək olacaq zəngin və təkrarsız yaradıcılığının zaman keçdikcə daha çox aktuallıq kəsb etdiyindən, şairin əsərlərinin əsrlər boyu sevilə-sevilə oxunacağından danışdılar.

Bədii qiraət ustası Sabir Məmmədov, ikinci kurs tələbəsi Qəndab Əhmədova H. Cavidin şerlərindən seçmələr ifa etdilər. Xalq artistləri- Mənsim İbrahimov, Mələkxanım Əyyubova və Əməkdar Artist Nuriyyə Hüseynovanın ifasinda Cavidin sözlərinə yazılmış mahnılar səsləndirildi.

Tədbir iştirakçıları Cavidin abidəsinin önünə əklillər, gül dəstələri düzərək, xatirə şəkli çəkdirdilər.

Keçidlər