Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclası keçirilmişdir

20 oktyabr 2015 | 10:00

Yasamal rayonunda 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilmiş, Rayon İcra Hakimiyyətinin Başçısı İbrahim Mehdiyev görülən işlər barəsində məlumat vermişdir.

Çıxışına oktyabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında müzakirə olunan və qarşıya qoyulan məsələlərlə başlayan İ.Mehdiyev demişdir ki, 9 ayın yekunları respublikamız üçün uğurlu olmuşdur. Qeyd olunmuşdur ki, bu müddət ərzində iqtisadiyyatımız xeyli inkişaf etmişdir. Həm bölgədə, həm də Avropada böhran yaşandığı bir vaxtda iqtisadiyyatın inkişafına nail olmaq böyük siyasi strategiyanın düzgün müəyyənləşdirilməsinin nəticəsidir. Bunu 9 ayda iqtisadiyyatın 3,7 faiz artması da təsdiqləyir. Nəzərə alsaq ki, bunu qeyri-neft sektorunun hesabına əldə etmişik, bu, çox böyük göstəricidir. Sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənayesi 10 faizdən çox artmışdır. Digər sahələrdə də artımın qeydə alınması ölkəmizin inkişaf yolunda inamla irəliləməsindən xəbər verir.

Tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır, ki, qazanılan uğurlarda Yasamal rayonunun da zəhmət payı vardır. Bu barədə məlumat verən İ.Mehdiyev bildirmişdir ki, ötən 9 ay ərzində rayonumuzun iqtisadi göstəriciləri yüksək olmuşdur. Bu müddət ərzində sənaye məhsulunun ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 114 faiz, nəqliyyat sektorunda xidmətlərin həcmi 116 faiz, rabitə xidmətlərinin həcmi 104 faiz təşkil edərək, müvafiq olaraq 73 milyon, 1 milyard 291 milyon və 440 milyon manat olmuşdur. Pərakəndə əmtəə dövriyyəsi 1 milyard 300 milyon, əhaliyə göstərilən pullu xidmətlər 502 milyon manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 109 və 119 faiz deməkdir. Bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 594,4 manat təşkil etmişdir.

Hesabat dövründə dövlət proqramlarının icrası uğurla davam etdirilmişdir. “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqisadi inkişafına dair Dövlət Proqramı”na əsasən Yasamal rayonu üzrə 17 tədbirin icrası nəzərdə tutulmuşdur. Bunlardan 2-si tam icra olunmuş, o cümlədən, Fizika-riyaziyyat və informatika təmayüllü liseyin əsaslı təmiri və yenidənqurma işləri başa çatdırılmışdır. Bu il sentyabrın 3-də liseyin açılış mərasimində Prezident İlham Əliyevin iştirak etməsi böyük sevinclə qarşılanmışdır. Dövlət Proqramının 7 bəndi isə hazırda icra olunur. Başçı diqqətə çatdırmışdır ki, həmin tədbirədək–iyunun 4-də Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva rayonda daha bir açılış mərasimində iştirak edərək Azərbaycan Milli Konservatoriyasının inzibati-tədris kompleksinin yaxınlığında salınan yeni parkda yaradılmış şəraitlə tanış olmuşlar.

Beynəlxalq velotur yarışları və birinci Avropa Oyunları ilə əlaqədar Yasamal rayonunda xeyli irimiqyaslı işlər görülmüşdür. 150-dən çox fərdi yaşayış evinin dam örtüyü və fasadı təmir edilərək, ətraf ərazinin ümumi görünüşünə uyğunlaşdırılmışdır. Dövlət başçısının tapşırığına əsasən, 31 yaşayış binasının fasadına vurulmuş üzlüklərin sökülərək, yanğınadavamlı yeni üzlüklərin vurulması beynəlxalq idman yarışlarının açılışınadək başa çatdırılmışdır.

İ.Mehdiyev rayonun müxtəlif küçələrində aparılan yenidənqurma və abadlıq işləri, yeni parkların salınması, dekorativ hasarların quraşdırılması, yaşıllıq zolaqlarının salınması barədə də məlumat vermişdir. Bütün bu işlərin böyük hissəsinin beynəlxalq yarışlar ərəfəsində şənbə günləri iməciliklərdə həyata keçirildiyi bildirilmişdir.

Hazırda Yasamal rayonunda həyata keçirilən ən böyük layihələrdən birinin “Sovetski” adlanan ərazidə söküntü işlərinin olduğunu bildirən icra hakimiyyətinin başçısı qeyd etmişdir ki, Bakı şəhərinin Baş Planına əsasən, “Sovetski” adlanan ərazidə sakinlərin köçürülməsi və daşınmaz əmlakın sökülməsi davam etdirilir. Köçürmə prosesinin ikinci mərhələsində alqı-satqı prosesi və söküntü işləri həyata keçirilir. Bildirilmişdir ki, kiçiksahəli mənzillərin sakinlərinin yeni mənzillərlə təmin edilməsi istiqamətində işlər icra olunmaqdadır. Artıq Nərimanov rayonu ərazisində 9 mərtəbəli, 2 bloklu tamamilə rekonstruksiya olunmuş binada 2 otaqlı 104 mənzil hər bir kommunal şəraitlə təchiz edilərək, kiçiksahəli mənzillərin sakinlərinə verilmişdir. Yaxın günlərdə onlardan 94 ailə yeni mənzillərə köçə biləcəklər. Bununla da ən aktual problemlərdən biri qismən də olsa, həllini tapacaq. Oktyabr ayının 1-dək 8200 ünvanda ölçü işləri aparılmış, 2340 ünvanda razılaşma protokolu imzalanmış, 2311 ünvanda daşınmaz əmlakın sökülməsi başa çatdırılmışdır.

Söküntü ərazisində müasir infrastruktura uyğun yol çəkilişi artıq yekunlaşmaq üzrədir. Belə ki, Nəriman Nərimanovun abidəsinin arxa tərəfindən Qurban Xəlilov küçəsi boyunca Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinə daxil olmadan Hüseyn Cavid parkına qədər 1 kilometrə yaxın yeni yolun istifadəyə verilməsi üçün işlər başa çatdırılmaq üzrədir. Paytaxtda tıxac probleminin aradan qaldırılmasında bu tədbirin böyük əhəmiyyəti vardır. Çəkilən yol vasitəsilə həmin əraziyə birbaşa çıxış təmin ediləcəkdir. Bununla da Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektində tıxac problemi demək olar ki, öz həllini tapacaqdır. Yol kənarında sahəsi 7000 kvadratmetrdən böyük olan park yaradılmışdır. Yol kənarlarına mərmər bardür düzülmüş, yeni işıqlandırma sistemləri yaradılaraq, 80-nə yaxın işıq dirəyi quraşdırılmışdır. Yeni salınmış yola asfalt örtüyü, piyadalar üçün səkilərə üzlük plitələr döşənmişdir.

Ölkə rəhbəri tərəfindən əhalinin sosial problemlərinin həlli istiqamətində verilmiş tapşırıqlar və bu sahədə yaranmış problemlərin həlli hesabat dövründə rayon icra hakimiyyətinin nəzarətində olmuşdur. Mənzil fondunun, sosial obyektlərin, təhsil, səhiyyə və digər müəssisələrin payız - qış mövsümünə hazırlığının, xüsusilə istilik sisteminin quraşdırılması lazımi qaydada təmin edilmişdir. Rayon sakinlərinin, eləcə də hüquqi və fiziki şəxslərin fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz ilə təchizatı məsələsi, demək olar ki, həll edilmişdir.

Rayonda fəaliyyət göstərən 24 orta təhsil məktəbindən 13-ü, 2 musiqi məktəbi “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti tərəfindən, digərləri isə, o cümlədən, bir musiqi məktəbi fərdi istilik mənbəyindən istiliklə təchiz olunmuşdur və bu sahədə ciddi problem mövcud deyil. Məktəbəqədər uşaq-tərbiyə müəssisələrinin, respublika və şəhər tabeli səhiyyə müəssisələrinin istilik təchizatındakı problem aradan qaldırılmışdır.

Ötən 9 ay ərzində rayonda keçirilən rəngarəng tədbirlər, təhsildə qazanılan uğurlar, səhiyyənin, idmanın inkişafı ilə əlaqədar görülən işlər barəsində ətraflı məlumat verilmişdir. Bu nailiyyətlər əvəzsiz qalmamışdır və rayonun bir sıra müəllimləri “Əməkdar müəllim” fəxri adı və “Tərəqqi” medalı ilə təltif edilmişlər.

Həmişə olduğu kimi, yenə də vətəndaşların müraciətləri diqqət mərkəzində saxlanılmışdır. Cari ildə rayon icra hakimiyyəti başçısının aparatına vətəndaşlardan 2691 müraciət daxil olmuşdur. Təhlillər göstərir ki, müraciətlər 20,33 faiz azalmışdır. Bunun səbəbi sakinlərin bir qisminin qaldırdıqları məsələlərin müsbət həll olunmasıdır. Həmçinin, hesabat dövründə rayon icra hakimiyyəti başçısının qəbulunda 452 nəfər olmuşdur. Rayon icra hakimiyyəti başçısının 12 səyyar qəbul-görüşündə 3000 nəfərdən çox sakin iştirak etmişdir. Sosial-məişət problemləri ilə əlaqədar 429 məsələ operativ qaydada müsbət həll edilmişdir, 23 müraciətin baxılma müddəti vardır.

Qarşıdan gələn parlament seçkilərinin mütəşəkkil keçirilməsi üçün bütün imkanlardan istifadə olunduğunu bildirən İ.Mehdiyev rayon ərazisindəki dairə seçki komissiyalarının hamısının geniş, rahat və hər çür şəraiti olan binalarla təmin olunduğunu diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, Yasamal Rayon İcra Hakimiyyəti “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” və Seçki Məcəlləsi ilə müəyyən edilmiş bütün vəzifələrin icrasını təmin etmişdir. Rayonun ərazisində yaradılmış 99 seçki məntəqəsində bütün texniki təchizat məsələləri müsbət həll edilmişdir. Seçki komissiyalarının normal fəaliyyəti üçün hər cür şərait yaradılmışdır.

RİH başçısı demişdir ki, dövlət rəhbəri Nazirlər Kabinetinin iclasındakı nitqində bir sıra məsələlərin həlli ilə bağlı çox mühüm prioritetlər müəyyən etmişdir. Bu göstəriş və tapşırıqlar hər bir şəxsin üzərinə çox ciddi vəzifələr qoyur və biz də bu vəzifələri layiqincə yerinə yetirəcəyik.

Məruzə ətrafında çıxış edən 14 nömrəli istilik sistemləri istismar sahəsinin rəisi Rahil Hüseynov, 53 nömrəli tam orta məktəbin direktoru Firəngiz Həsənova, 5 nömrəli uşaq poliklinikasının baş həkimi Ədilə Seyidova və rayon polis idarəsinin rəisi İsfəndiyər Mehbalıyev görülmüş işlər barəsində danışmışlar.

Yasamal rayonunda 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları qənətbəxş hesab edilmişdir.

Keçidlər