Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda görkəmli oftalmoloq Zərifə xanım Əliyevaya həsr olunmuş konfrans keçirildi

28 aprel 2024 | 13:45

Yasamal Rayon İcra Hakimiyyəti, YAP Yasamal rayon təşkilatı və M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının birgə təşəbbüsü ilə Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101 illiyinə həsr edilmiş “Gözlərə nur verən insan” adlı konfrans keçirildi.

Əvvəlcə konfrans iştirakçıları Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin və  Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib əklil və gül dəstələri qoyaraq dərin hörmət və ehtiramlarını bildirdilər. Sonra  M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının akt zalında konfrans öz işinə başladı. Azərbaycanın Dövlət Himni səsləndirildi, Ulu Öndər Heydər Əliyevin, Zərifə xanım Əliyevanın və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Akademik Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafında müstəsna xidmətlərindən bəhs edən filmin nümayişi oldu. Konfransda çıxış edənlər oftalmologiya sahəsində baş verən yeniliklərdən, oftalmologiyanın aktual məsələlərindən bəhs etdilər.

Qeyd etdilər ki, Azərbaycanın tanınmış oftalmoloq-alimi, akademik Zərifə Əliyeva vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların müəllifidir.  “Gözün və görmə siniri yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamik sisteminin anatomik və fizioloji xüsusiyyətləri”, “İridodiaqnostika”, “Şəkərli diabet zamanı gözün patologiyası”, “Oftalmologiyanın aktual problemləri” və bu kimi digər monoqrafiyaları çap edilib. Ümumiyyətlə onun 200-ə qədər elmi işi, 14 monoqrafiyası və 12 səmərələşdirici təklifləri var idi. Zərifə xanım Əliyeva yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanmasına böyük əmək sərf etmişdir.​Çıxış edənlər vurğuladılar ki, çoxşaxəli, gərgin fəaliyyətinə baxmayaraq, Zərifə xanım Əliyeva həmişə qadın incəliyini və zərifliyini qoruyub saxlaya bilmiş, özünün parlaq şəxsiyyətində əsl Azərbaycan xanımının keyfiyyətlərini yaşatmışdır.

Keçidlər