Şriftin ölçüsü :

Saytın rəngi :

“Müasir Azərbaycanın banisi” adlı konfrans keçirildi

28 dekabr 2023 | 16:01

Yasamal Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili”nin yekunlarına həsr olunmuş “Müasir Azərbaycanın banisi” adlı konfrans keçirildi.

Konfransda Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Şahlar Əsgərov, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Misir  Mərdanov, Milli Məclisin deputatları-Elnur Allahverdiyev, Səbinə Xasayeva, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədri Elxan Hüseynov, Yasamal rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, ali təhsil müəssisələrinin rektorları, Yasamal rayon bələdiyyəsi, şəhid ailələri, təhsil, səhiyyə müəssisələrinin rəhbərləri, rayon ictimaiyyəti və fəal gənclər iştirak edib.

Əvvəlcə tədbir iştirakçıları YAP Yasamal rayon təşkilatının inzibati binasında Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək xatirəsini dərin ehtiramla yad ediblər. Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olundu, Müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş nitqi ilə açan YAP Yasamal rayon təşkialtının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Bu gün müasir müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı Elşad Həsənov bildirib ki, fəaliyyətinin hər dövründə zamanı əməlləri ilə zənginləşdirən Ulu Öndər Heydər Əliyevin ən əsas, müqəddəs istəyi xalqın birliyinə söykənən güclü, möhtəşəm, qüdrətli müasir dövlətin yaradılması olmuşdur. Ümummilli Lider Heydər Əliyev milli dövlətçilik ideyalarını hər şeydən üstün tutmuşdur. Ulu Öndər Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması ulu öndər Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Qürur və iftixar hissi ilə qeyd edə bilərik ki, Ümummilli Liderimizin siyasəti Cənab Prezident İlham Əliyev tərəfindən uğurla və inamla davam etdirilir, güclü və nüfuzlu Azərbaycan yeni zirvələr fəth edir. Mahir diplomat və böyük idarəçilik ustadı olan ümmumilli lider Heydər Əliyevin idarəçilik məktəbini ən zərif incəliklərinə qədər öyrənən Prezident cənab İlham Əliyev dövlətin sosial-iqtisadi inkişafı sahəsində, cəmiyyətin demokratikləşdirilməsində və həmçinin beynəlxalq münasibətlərdə özünəməxsus Azərbaycan nümunəsi formalaşdırmağa nail olmuşdur. İcra başçısı il ərzində rayon ərazisində “Heydər Əliyev ili”nə həsr olunan genişmiqyaslı silsilə tədbirlərdən də söz açaraq qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə də rayon ictimaiyyətini təbrik etdi.

Çıxışlardan sonra “Heydər Əliyev ili”ndə fəaliyyəti ilə fərqlənən bir qrup şəxslər Yasamal Rayon İcra Hakimiyyətinin və YAP Yasamal rayon təşkilatının fəxri fərmanları ilə təltif olundular.

Keçidlər