Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal Rayon İcra Hakimiyyəti Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi ilə birgə müşavirə keçirib

01 dekabr 2023 | 17:08
Yasamal Rayon İcra Hakimiyyətində “Yasamal rayonunda 2023-cü ildə Mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2024-cü ildə qarşıda duran vəzifələr” və “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda rayon müşavirəsi keçirilib. Müşavirədə Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, FHN Bakı Regional Mərkəzinin rəis müavini, polkovnik İlqar Səfərov, Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, yerli icra və özünüidarəetmə orqanlarının, eləcə də rayonun təsərrüfat və digər xidmətlərinin, təhsil, səhiyyə müəssisələrinin, qaz, elektrik enerjisi və su təchizatı rayon qurumlarının, mənzil-kommunal təsərrüfatı təşkilatları və digər aidiyyəti obyektlərin rəhbərləri iştirak etmişlər.

Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev və digər natiqlər mülki müdafiə işinin təşkili, eləcə də yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində görülən tədbirlərin əhəmiyyətini və bu sahədə mövcud olan problemlərin aradan qaldırılması üçün tədbirlər görülməsinin vacib olduğunu vurğulamışlar.

Tədbirin keçirilməsində məqsəd rayon ərazisində mülki müdafiə işinin mövcud vəziyyətinin təhlil edilməsi, bu sahədəki problem və çatışmazlıqların aradan qaldırılması, bu sahədə işin təşkilinin gücləndiriməsi, fövqəladə hadisələrdən qorunma sahəsində əhalinin hazırlanması, sözügedən sahə ilə bağlı biliklərin təbliği və mülki müdafiə dəstələrinin keçirilməsinə diqqətin artırılmasından ibarət olmuşdur.

Sonda rayon ərazisində mülki müdafiə və yanğın təhlükəsizliyi sahəsində mövcud olan çatışmazlıqların aradan qaldırılması üçün aidiyyəti xidmət və obyekt rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər