Şriftin ölçüsü :

Saytın rəngi :

Birləşmiş Ərəb Əmirlikləri səfirinin müavini Yasamaldakı 158 saylı orta məktəbdə

15 sentyabr 2015 | 10:00

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "İlboyu bilik" proqramı çərçivəsində həyata keçirdiyi layihəyə uyğun olaraq sentyabrın 15-də Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirinin müavini cənab Abdullah Casim Al-Şamsi Yasamaldakı 158 nömrəli məktəbi ziyarət edib, bu təhsil ocağının yuxarı sinif şagirdləri ilə görüşüb.Məktəbin böyük akt zalında keçirilən tədbiri tədris ocağının direktoru Mehriban Ələkbərova açaraq zala toplaşanları yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb və hörmətli qonağı şagirdlərə təqdim edib.

Sonra Abdullah Casim Al-Şamsi şagirdlər qarşısında çıxış edib. Çıxışına Allahın adı və müqəddəs Quran ayələri ilə başlayan səfir müavini də öncə tədbir iştirakçılarını salamlayıb, biliyin insan həyatında böyük rol oynadığını qeyd edərək yeni dərs ilinin başlanması münasibəti ilə şagird və müəllimlərə təbriklərini çatdırıb. Biliyin insanların yalnız ümumi dünyagörüşünü deyil, həm də mənəvi keyfiyyətlərini inkişaf etdirdiyini deyən Abdullah Casim Al-Şamsi bunlardan birinin də dini əqidəsindən, milli mənsubiyyətindən asılı olmayaraq insanlar arasında mehriban münasibətlərin yaranması olduğunu vurğulayıb. Qeyd edib ki, bu baxımdan Azərbaycan kimi Birləşmiş Ərəb Əmirlikləri də burada yaşayan müxtəlif xalqların nümayəndələri üçün tolerant bir mühit yaratmışdır. Millətlər arasında harmoniyanın əsasını mədəniyyət, müxtəlif insanların dini inanclarına sayğılı münasibət təşkil edir.

Səfir müavini çıxışının sonunda fürsətdən istifadə edərək Azərbaycan xalqına sülh və əmin-amanlıq, davamlı tərəqqi arzulayıb.

Tədbirdə iştirak edən Bilik Fondunun beynəlxalq layihələr sektorunun müdiri Ziyad Məmmədzadə çıxışında Fondun məram və məqsədlərindən, reallaşdırdığı və dəstək verdiyi layihələrdən söz açıb.

Sonda 158 nömrəli məktəbin direktoru Mehriban Ələkbərova , Yasamal Rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət Muradova qonaqlarla birgə birinci sinfə qəbul olan şagirdləri təbrik edib onlara ən xoş arzularını bildiriblər.

Keçidlər