Şriftin ölçüsü :

Saytın rəngi :

2015-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.

18 aprel 2015 | 10:00

Yasamal rayon İcra Hakimiyyətində 2015-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirildi. İclasda rayon icra hakimiyyətinin Başçısı İbrahim Mehdiyev çıxış edərək carı ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafını təmin edən ayrı-ayrı sahələr üzrə görülmüş işlər, həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə məlumat verdi.

İ.Mehdiyev çıxışında bildirdi ki, ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin Yasamal rayonunun da hərtərəfli inkişafı üçün mühüm işlər görülmüşdür. Belə ki, cari ilin I rübündə sənaye məhsulunun ümumi həcmi 16 milyon 700 min, nəqliyyat sektorunda xidmətlərin həcmi 383 milyon, rabitə xidmətlərinin həcmi 155 milyon, ümumi investisiyadan tikinti-quraşdırma işləri 189 milyon manat olmuşdur.

Bu ilin yanvar-mart aylarında rayonda 1346 yeni iş yeri açılmışdır. Onlardan 433-ü yeni yaradılmış müəssisə və təşkilatlarda, 78-i mövcud və bərpa olunmuş müəssisələrdə, 835-i isə fiziki şəxslərdən ibarət olmuşdur.

Bakı – 2015 Avropa Oyunlarının keçirilməsi rayonda görüləcək abadlıq işlərinin həcmini xeyli artırmışdır. Cari ilin iyun ayının 12-də başlayacaq bu tədbirlə əlaqədar küçə və prospektlərə asfalt örtüyü vurulur, səkilər abadlaşdırılır, yaşıllıq zolaqları salınır, binaların fasadlarına müasir görkəm verilir, yeni işıqlandırma sistemləri quraşdırılır. Ümunilikdə rayonda bu beynəlxalq əhəmiyyətli tədbirin yalnız marşrut hissəsinə düşən 7 min metrdən çox hissəsində bina və qurğuların fasad hissələrinə üzlüklər vurulur, dam örtükləri yenidən qurulur, digər hissələrdə isə işıqlandırma sistemi ilə təchiz olunmuş 4 metr hündürlükdə dekorativ hasarlar quraşdırılır.

Bakı-2015 Avropa Oyunlarının keçirilməsinə hazırlıqla əlaqədar bütün rayon ərazisinin təmizliyinə və abadlığına xüsusi diqqət verilir. Avropa oyunları marşrutunun keçdiyi Əbdülvahab Salamzadə küçəsi, Mətbuat prospekti, Mikayıl Müşfiq küçəsi və Xarici Dairəvi yolda görüləcək işlərlə bağlı verilmiş tapşırıqların icrası başa çatdırılmaq ərəfəsindədir. Əbdülvahab Salamzadə küçəsinin iki tərəfində - 1996 kv.m, Mətbuat prospekti, Hərbi hissənin qarşısında – 2103 kv.m ölçüdə hasarların qurulması başa çatdırılmış, Xarici Dairəvi yolda, avtomobil satışı bazarından “Royal Park” yaşayış massivi istiqamətində 2600 kv.m dekorativ hasarların quraşdırılması işləri davam etdirilir. Yaxın günlərdə həmin işlər yüksək keyfiyyətlə tam başa çatdırılacaqdır.

Bu müddət ərzində qanunsuz tikililərə qarşı mübarizə sahəsində də işlər davam etdirilərək 12 müxtəlif təyinatlı qeyri-qanuni tikili, 2 ünvanda zəbt olunmuş torpaq sahəsi ətrafına çəkilmiş hasarlar sökülmüşdür.

Bakı şəhərinin Baş Planına əsasən “Sovetski” adlanan ərazidə köçürmə və daşınmaz əmlakın sökülməsi işləri icra olunur. Nərimanov rayonu ərazisində 9 mərtəbəli, 2 bloklu tamamilə rekonstruksiya olunmuş 2 binada 2 otaqlı 200 mənzil hər bir kommunal şəraitlə təchiz edilərək kiçik sahəli mənzillərin sakinlərinə veriləcəkdir. Bununla ən aktual problemlərdən biri həll edilmiş olacaqdır.

İclasda YAP rayon təşkilatının sədr əvəzi Tağı Əhmədov, Rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov, 3 saylı şəhər poliklinikasının baş həkimi Solmaz Xankişiyeva müzakirə olunan məsələ üzrə görülən işlərdən və qarşıda duran vəzifələrdən danışdılar.

Keçidlər