Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi 2014-cü ildə görülən işlərin hesabatını vermişdir

14 yanvar 2015 | 11:00

Yasamal rayon 21 saylı tam orta məktəbin iclas zalında Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 2014-cü ildə görülən işlərə həsr olunmuş illik hesabat yığıncağı keçirilmişdir.

Hesabat yığıncağını Yasamal Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Cumar İsayev açmış, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 yanvar 2015-ci il tarixdə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışından irəli gələn vəzifələrə toxunmuş, ölkə başçısının apardığı uğurlu siyasətdən danışmışdır.

Sonra C.İsayev ötən ildə görülən işlər barədə hesabat məruzəsi ilə çıxış etmişdir. 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin il ərzində gördüyü işləri ətraflı məruzə edən natiq demişdir:

—Ölkəmizdə sürətlə gedən geniş abadlıq-quruculuq işləri, iqtisadi-sosial inkişaf tempi Yasamal rayonunda da hesabat ili ərzində uğurla davam etmişdir.
Belə ki, ərazimizdə H.Zərdabi küçəsində, Mətbuat prospektində yenidənqurma işləri aparılmışdır. Binaların fasadları, küçələrin səkiləri yenilənmiş, yaşıllıqlar salınmış, prospektdə mövcud olan köhnə divarlar yenilənmişdir.

Əldə edilən uğurlu inkişafla bərabər olaraq ölkə başçısı tərəfindən bütün sahələrlə yanaşı, yerli idarəetmə sahəsində də uğurlu islahatlar aparılmışdır. İlk olaraq yarandığı dövrdən 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlikdə kargüzarlığın “Azərbaycan Respublikasında rayonların, şəhərlərin, İcra Hakimiyyəti başçılarının Aparatında sənədlərlə iş barədə” təlimata uyğun olaraq təşkil olunması və RİH başçısının nümayəndəliyində vətəndaşların qəbulunun təşkili işləri, onların yazılı və şifahi müraciətlərinə baxılması işinin təşkili cari ildə də davam etdirilmişdir.

Ev təsərrüfatlarına baş çəkmək yolu ilə tə sərrüfatbaşına uçot kitabındakı məlumatlar bir daha üzləşdirilmiş və təftiş olunmuşdur. Qeydiyyatı Bakı şəhəri Yasamal rayonu 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsində olan, xaricdə, respublikanın müxtəlif yerlərində yaşayan, hərbi xidmətdə olanların, dünyasını dəyişənlərin siyahısını müvafiq dövlət qurumlarından alaraq əhalinin sayında dəqiqləşmə aparılmışdır. Həqiqi hərbi xidmətə çağırılmış və müddətli həqiqi hərbi xidmətdən tərxis olunmuş şəxslərə dair məlumatlar SHXÇDX Yasamal Rayon İdarəsinin məlumatlarına əsasən ev təsərrüfatlarının uçotu kitablarında müvafiq qeydlər aparılması işi mütəmadi olaraq davam etdirilir.

Bunlarla yanaşı, Nümayəndəliyin ərazisində yerləşən Mənzil Tikinti Kooperativlərinin (MTK) binalarında yaşayan sakinlərin qeydiyyatının dəqiqləşdirilməsi işi mütəmadi aparılmışdır. 1 yanvar 2015-ci il tarixə ərazimizdə yaşayan 17198 ailə təsərrüfatının və 61767 nəfər təsərrüfat üzvlərinin uçotu 207 ədəd ev təsərrüfatı kitablarında qeydə alınmışdır. 15 saylı Yasamal 1-ci Seçki dairəsi ilə birgə ərazidə seçici siyahıları tərəfimizdən dəqiqləşdirilmişdir.

Nümayəndəlik 2014-cü il ərzində Yerli İcra Hakimiyyəti haqqında təsdiq edilmiş əsasnaməyə əsasən fəaliyyət göstərərək, Nümayəndəliyin ərazisində fəaliyyət göstərən dövlət qurumları, habelə bələdiyyələrlə, qeyri-hökumət təşkilatları və digər təşkilatlarla qarşılıqlı fəaliyyət göstərmişdir.

Rayon İcra Hakimiyyəti başçısının təsdiq etdiyi qrafikə əsasən həftə ərzində Nümayəndəliyin inzibati binasında mütəmadi olaraq qəbul günləri keçirilir. Belə ki, bu il ərzində onlarca vətəndaşın şifahi şəkildə etdikləri şikayət və təklifləri daxil olmuşdur. Edilən müraciətlərin bir qismi tərəfimizdən həll edilmiş, səlahiyyətlərimiz çatmayan problemlərin həllində isə rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə digər qurumlar tərəfindən problemlərin həllinə nail olunmuşdur. Nümayəndəliyin ərazisində olan vətəndaşların ailə, məişət, sosial problemlərinin həll edilməsində onlara tərəfimizdən köməkliklər göstərilmişdir. Fəaliyyətə başladığı dövrdən, 1 nömrəli SİƏD üzrə Nümayəndəlik tərəfindən ərazidə sakinlərlə dəfələrlə səyyar görüşlər keçirilmişdir.

Nümayəndəliyin ərazisində Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 22, 32, 56 saylı MİKS-ləri, Xəzər Dəniz Gəmiçiliyinin 4 saylı MİKS-i və 138 saylı xüsusi təyinatlı MİKS fəaliyyət göstərir. Ərazidə yaşayan sakinlərin sosial sifarişlərinin yerinə yetirilməsi, onların gündəlik mənzil-məişət problemlərinin həlli üçün MİKS-lərlə əlaqəli fəaliyyət göstəririk. Keçən dövr ərzində Nümayəndəliyin ərazisində sakinlərin müracətləri əsasında Ü.Əkbərov küçəsi ev 81, Akim Abbasov küçəsi ev 9A, 9B, Mirəli Seyidov küçəsi ev 57 ünvanında yerləşən binaların damında ümumilikdə 280 m2 təmir işləri görülmüşdür. Mirəli Seyidov küçəsi ev 20 saylı binanın 4-cü girişində 1-ci mərtəbədən 5-ci mərtəbəyə qədər tam bərpa-təmir işləri görülmüş, Akim Abbasov 12 saylı binanın qarşısındakı məhəllədə özbaşına zəbt olunmuş bağ yerləri sökülmüşdür.

Akim Abbasov 9, Şərifzadə 176 ünvanlarda yaradılmış abad həyətlərdə salınmış yaşıllıqları, ot örtüklərini suvarmaq, məhv olmaqdan qorumaq məqsədilə ərazilər suvarma suyu ilə təmin edilmişlər. Ərazimizdə mövcud olan yaşayış evləri, müəssisə və təşkilatlar əsasən sutka ərzində içməli su ilə təmin edilir. Bununla yanaşı, mənzillərin istilik təminatı da yaxşılaşdırılmışdır. Ərazimizdə fəaliyyət göstərən 8 saylı İstilik İdarəsi 2014-cü ildə yeni qazanxana sistemləri istifadəyə verilmişdir.

Yasamal rayonunun bir çox xidmət idarələri: işıq, su-kanalizasiya, istilik, qaz idarələri, Əhalinin Sosial Müdafiə Mərkəzi və Sosial Müdafiə Fondu, Telekommunikasiya Qovşağı 1 salı SİƏD-in ərazisində yerləşir. Bu xidmət idarələrinin rəhbərlikləri ilə vaxtaşırı görüşərək sakinlər tərəfindən qaldırılan sosial problemlərin həlli ilə operativ olaraq məşğul oluruq.

Ərazidə fəaliyyət göstərən dini qurumlarla, icmalarla əlaqə saxlayaraq il ərzində bu qurumlar tərəfindən keçirilən müxtəlif tədbirlərin Yasamal Rayon İcra Hakimiyyəti başçısının 272 nömrəli 12.07.2013-cü il tarixli Yasamal rayon ərazisində Azərbaycan Respublikasında Dövlət Dili haqqında qanunun icrasının təmin olunmasına nəzarət bu il də tərəfimizdən davam etdirilmişdir. Belə ki, 2014-cü ilin noyabr-dekabr ayları ərzində, Bakı şəhəri üzrə Reklam İdarəsinin işçiləri ilə birgə ərazimizdə reydlər keçirilmiş, sənədsiz, qeydiyyatdan keçməyən, mövcud qaydalara uyğun gəlməyən müxtəlif əcnəbi adlarda olan, səliqəsiz, küçələrimizin fasadlarını korlayan reklamlar xidmət obyektlərindən yığışdırılmışdır.

2014-cü il ölkəmizdə hər bir sahədə olduğu kimi, təhsil sahəsi də prioritet sahələrdən olmuşdur. Nümayəndəliyin ərazisində 6 orta ümumtəhsil müəssisəsi fəaliyyət göstərir. Bu məktəblərin demək olar ki, hamısı son illər təmirdən çıxmış, məktəblərdə tədrisin aparılması üçün gözəl şərait yaradılmışdır. Ümumilikdə orta məktəbi bitirmiş şagirdlərin 61%-i ali məktəblərə qəbul olmuşdur. Bu yığıncağımıza ev sahibliyi etmiş 21 saylı orta məktəbdə orta məktəbi bitirmiş şagirdlərin 82.5%-i ali məktəbə qəbul olunmuşdur. Bu, çox təqdirəlayiq və nümunəvi göstəricidir.

Yasamal Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi 2015-ci il üçün iş planını tərtib edərək Yasamal Rayon İcra Hakimiyyətinə təqdim etmişdir. Biz fəaliyyətimizi buna uyğun olaraq davam etdirəcəyik.

Yığıncaqda Yasamal rayonu 21 saylı məktəbin direktoru Ceyhun Bayramlı  çıxış edərək rayonda gedən abadlıq, quruculuq işlərində Nümayəndəliyin xüsusi rolunun olmasını vurğulayaraq  gördükləri işlərin qənaətbəxş hesab etdiklərini qeyd etmiş, dövlətimizin təhsilə, məktəblərə göstərilən diqqət və qayğısı nəticəsində  məktəblərdə gedən yenidənqurma  işlərindən, məktəblərdə yaradılmış  şəraitdən  bəhs etdi.

Daha sonra Yasamal rayon Bələdiyyəsinin sədr müavini Əli Əkbərli iclasda çıxış edərək  rayonda gedən abadlıq və quruculuq işləri, binalarda  yaşayan sakinlərin  sosial problemlərinin həll olunması, köhnə binaların fasadlarının təmir olunması, abad  həyətlərin salınması, yaşıllıqların qorunması üçün lazımi işlərin görülməsinə göstərilmiş diqqət və qayğıdan, rayonda gedən abadlıq və quruculuq işlərindən bəhs edərək Prezidentimizə və Başçımıza, bu işdə yaxından iştirakı olan  Nümayəndəliyə minnətdarlığını bildirdi.

Sonda Yasamal rayon  İcra Hakimiyyəti Başçısının müavini Xaliq Möhbalıyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən Yasamal rayonuna göstərdiyi diqqət və qayğıdan, gələcəkdə rayon sakinlərinin həyat şəraitinin yaxşılaşdırilması üçün həyata keçirilməsi nəzərdə tutulan işlərdən danışmışdır. Sonda Nümayəndəliyin hesabat yığıncağının qərar layihəsi oxunmuşdur və iclas iştirakçıları  Nümayəndəliyin  2014- cü il üçün illik hesabatını qənaətbəxş hesab etmişlər.

Keçidlər